"Zubrları təbiətimizə qaytaraq!" yay düşərgəsinə start verilib...

20 2017 17:46

Qəbələdə "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsinə start verilib. Düşərgə "Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunub. Düşərgədə Qəbələ rayonunun Bunud, Vəndam, Tüntül, Yengicə, Nohurqışlaq, Əmirvan, Bılıx, Topbağ və Məlikli kəndlərindən 70-dən artıq məktəbli iştirak edir. Əsas məqsədi təbiətimizə qaytarılması nəzərdə tutulan zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır. Zubrların reintroduksiyası ilə bağlı reallaşdırılan bu layihə çərçivəsində Şahdağ Milli Parkının ərazisində zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks də inşa edilməkdədir. Qeyd edək ki, regionun və dünyanın aparıcı alimlərinin apardığı araşdırmalar nəticəsində sayı tükənən zubrlar üçün ölkəmizdə əlverişli şəraitin olduğu aşkarlanıb.