Şəhid Yolçu Babazadənin anım günü...

21 2022 11:56

Deyirlər, insanların taleyi onlar doğulduğu gündən yazılır. İllər öncə 20 Yanvarda dünyaya gələn Yolçunun da ömür yoluna Vətən uğrunda canını fəda etmək yazılmışdı. Doğulduğu gündə Vətənin azadlığı uğrunda canından keçən həmvətənləri kimi.

Şəkinin Qozlubulaq kəndindən olan Yolçu Babazadə Vətən müharibəsində qəhramancasına döyüşdü və ömrünün 18-ci baharında şəhidlik zirvəsinə yüksəldi. Şəhidimizi doğum günündə böyük ehtiramla anırıq.

O düz 20 il bundan öncə, 20 Yanvarda dünyaya gözlərini açmışdı.  Ancaq doğum günü ümumxalq hüzn gününə təsadüf etdiyindən heç vaxt öz ad gününü qeyd etmirdi.

Ailəsi deyir ki, şəhidlərimizin qisasını alacağına and içmişdi. Elə bu arzu ilə də hərbi xidmətə yollanıb. Yolçu Babazadə 27 sentyabrda əkshücum əməliyyatları başlayanda xidmət etdiyi minaatan toborunun tərkibində Füzuli, Xocavənd, Cəbrayıl uğrunda gedən döyüşlərə qatılıb.  Ən ağır döyüş nöqtələrində düşmənin kabusuna çevrilən gənc qəhrəmanımız atdığı dəqiq zərbələrlə dostları arasında “minaatan snayper” deyə çağırılırdı.  Bu gün də Yolçu Babazadəni ailəsi ilə yanaşı, döyüş yoldaşları və uşaqlıq dostları da böyük qürur hissi ilə anırlar. Yolçu Babazadənin nümunəvi əsgər, vətənpərvər oğul və əsl qəhraman olduğunu deyirlər. Ömrü kimi arzuları da yarımıq qaldı Yolçunun. Amma özünə verdiyi sözü tutdu. Düşməndən qisas alaraq ən şərəfli yolun yolçusu oldu. Şəhadətindən sonra qəhrəmanımız “Cəbrayılın, Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.