20 Yanvar faciəsinin 32-ci ildönümü şimal-qərb bölgəsində də qeyd edilib…

20 2022 17:54

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən 32 il ötür. Qanlı faciədən uzun illər keçməsinə baxmayaraq, hər il Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir. Şəhidlərin xatirəsinə məşəllər yandırılıb, matəm musiqisi səsləndirilib.


Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin otuz ikinci ildönümü Şəkidə də xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub.  Rayon administrasiyası, ictimaiyyət nümayəndələri, eləcə də şəhid ailələri ilk öncə 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin xatirə komleksini ziyarət edib. Şəhidlərimizin məzarı onünə əklillər qoyulub, ruhlarına dua oxunub. Ardınca Şəki "Şəhidlər Xiyabanı"na yollanan tədbir iştirakçıları şəhidlərin şərəfinə ucaldılan abidənin önününə gül dəstələri qoyub və onların əziz xatirəsini yad ediblər.  Çıxış edənlər vurğulayıb ki, böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirib. Saat 12:00-da şəhidlərin əziz xatirəsi ölkəmizin bütün ərazisində olduğu kimi, Şəkidə də bir dəqiqəlik sükutla yad olunub. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayandırılıb. 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şamaxı şəhərindəki Şəhidlər xiyabanında da anım mərasimi keçirilib.  Rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərimizin xatirəsini ehtiramla anıblar. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, xatirə abidəsinin önünə əklil qoyulub.Həmçinin qanlı Yanvar faciəsində şəhid olan rayon sakinləri Vidadi  Məmmədovun və Ağanəzər İsrayılovun məzarları da ziyarət edilib. Faciə qurbanlarının ruhlarına dualar oxunub.Saat 12:00-da  şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar  Qax Rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri də Şəhidlər xiyabanına gələrək, 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə, həmçinin ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər. Ardınca mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Bütün ölkə ərazisində olduğu kimi Qaxda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Zaqatalada da rayon rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri Vətən yolunda canlarını qurban verən şəhidlərin məzarını ziyarət edib, xatirələrini ehtirazmla yad ediblər.  Saat 12.00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərdən səs siqnalları verilib.