Şəkidə "Əbədiyyət Sarayı" jurnalının təqdimatı olub…

13 2022 16:08

Şəki şəhər Mərkəzi kitabxanasında "Əbədiyyət Sarayı" adlı jurnalın şəhər ictimaiyyətinə təqdimetmə mərasimi keçirilib. Təqdimat zamanı bildirilib ki, bundan sonra davamlı olaraq çıxacaq jurnalın ilk sayı tanınmış jurnalist, yazıçı, publisist Teymur Xəlilovun həyat və yaradıcılığına həsr olunub. Ardından Şəki şəhərinin qocaman ziyalısının keçdiyi şərəfli ömür yoluna həsr olunan filmə baxış keçirilib. Çıxış edənlər Teymur Xəlilovla bağlı xatirələrini bölüşüb, onun bacarıqlı jurnalist, istedadlı yazıçı olduğunu bildiriblər. Teymur Xəlilovun insanpərvərliyi, sadəliyi, qayğıkeş, yardımsevər olması xüsusi vurğulanıb. Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli jurnalın çap olunmasında dəstəyi olan hər kəsə təşəkkür edib və gələcək saylarında Şəkinin digər tanınmış ziyalılarının da həyatına, yaradıcılığına işıq tutacağına ümid etdiyini bilidirib.