Yeni çəkilən yol sürüşdü…

13 2022 10:59

Şamaxıda Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunda sürüşmə hadisəsi baş verib. Rayon mərkəzindən 22 km məsafədə yerləşən yolda sürüşmə nəticəsində təhlükəli vəziyyət yaranıb.


2020-ci ilin əvvəllərində yenidən qurularaq istifadəyə verilən Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunda torpaq sürüşməsi baş verib. Uzunluğu 16 km olan yolun bir neçə hissəsi dağılıb,  asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Ən çox sürüşmə yolun 6-8-ci  kilometrliyində  qeydə alınır. 8-ci kilometrlikdə yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, 3 metr dərinliyində iri çuxur yaranıb. Yolun digər tərəfində isə asvalt örtüyü dağılaraq iri qabarmalar əmələ gəlib ki, bu da sürücülər üçün təhlükə yaradır. Əsasən də dumanlı havada və axşam saatlarında yoldan istifadə edən sürücülər çətinliklə üzləşirlər. Digər tərəfdən, sürüşmə ərazisində təhlükədən xəbər verən yol nişanlarının olmaması da sürücülərin qəza törətməsinə səbəb olur. 4 kəndi birləşdirən  turizm əhəmiyyətli bu yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib. Sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür. Uzun illər yolun yenidən qurulmasını arzulayan sakinlər yeni yolun da qısa vaxt ərzində yararsız vəziyyətə düşəcəyindən narahatdırlar. Hazırda sürüşmə aktiv fazadadır. Nəzərə alsaq ki,  qış fəslindəyik qarlı-yağışlı günlər də hələ qabaqdadır. Aidiyyatı qurumlar dərhal hərəkətə keçib, lazımi tədbirlər görməsə təbii fəlakət yolun tamamilə dağılmasına səbəb olacaq.