34 yaşını cənnətdə qeyd edən Şuşa fatehi!

31 Dekabr 2021 12:40
Vətən müharibəsində düşmənin qorxulu yuxusuna çevrilən xüsusi təyinatlıların erməni hərbçilərinə vurduqları zərbələr, həyata keçirdikləri əməliyyatlar hələ uzun illər yaddaşlardan silinməyəcək.

Bu qəhramanların öz qanı və canı bahasına yazdıqları dastan dünya var olduqca unudulmayacaq. Onlardan biri də 33 yaşında şəhidlik zirvəsinə ucalan "Şuşa fatehi" Ruslan Sadıqovdur. Qısa ömür payına şərəfli bir tarix sığdıran igidimizin həyat yoluna birgə nəzər salaq.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Ruslan Sadıqov 1987-ci ildə Şəki rayonunda dünyaya göz açıb. Uşaqlıqdan hərbiyə marağı olan, torpaqlarımızın düşmən işğalı altında olması ilə barışa bilməyən Ruslan həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında qalır.

2020-ci ilin sentyabrında erməni silahlı birləşmələrinin təxribvatlarının qarşının alınması üçün başladılan əks hücum əməliyyatlarının ilk günlərindən Vətən müharibəsində iştirak edir. Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçir, düşmənin onlarla canlı qüvvəsini və texnikasını məhv edir.

Tarixə ən inanılmaz hərbi əməliyyat kimi düşən Şuşanın azad edilməsi əməliyyatından iştirak edən Ruslan Sadıqov düşmənə qan udduraraq öz qəhrəmanlığı ilə tarixə düşür. Daxili qoşunların "Yarasa" xüsusi təyinatlı dəstəsinin atəş təminatı snayper yarım qrupunun komandiri baş çavuş Ruslan Sadıqovun atası oğlundan qürürla danışır.

Deyir ki, Ruslan həmişə onun başını uca edib, müddətdən artıq hərbi xidmətdə olarkən dəfələrlə yaxşı xidmət və nümunəvi davranışlarına görə komandirləri tərəfindən tərifnamələrə, orden və medallara laiq görülüb. Hər zaman deyirmiş ki, nə qədər ki, torpaqlarımız düşmənin ayaqları altındadır, bizə dinclik yoxdur. Ruslan və 9 nəfər döyüş yoldaşı Şuşanın girişində düşmənin qarşısını kəsib 3 gün aramsız döyüşdən sonra mərmi qəlpəsindən şəhidlik zirvəsinə ucalıb.

Ön xəttdə düşmənə qan udduran, göz açmağa imkan verməyən, XTD zabiti, xatirələrdə daima üzü gülər, qayğıkeş və yardım sevər 33 yaşlı gənc kimi qalacaq Ruslan normal həyatda pambıq kimi yumşaq xasiyyətli imiş. Ruslanla ailəsi axırıncı dəfə noyabrın 6-da danışa bilirlər.

Qısa danışıq zamanı ailəsi ilə halallaşan igid onlara zəng etməmələrini onun zəng etməyini gözləmələrini istəyir. Zəfər çaldığımızı eşidən ata-ana gecəni yata bilmir səhəri diri gözlü açırlar, və hər an Ruslandan zəng gələcəyini gözləyirlər. Qəhrəman igidimiz 2020-ci ilin noyabrın 10-da Şəki rayon Cəfərabad kənd qəbirstanlığında torpağa tapşırılıb.


Ruslan Sadıqov özündən sonra şərəfli həat yolu, yazdığı tarixlə yanaşı Nuray və Aylin adında 2 qız, Ehsan adlı oğlu olmaqla 3 övlad əmanət qoyub. Şəhidin doğum günündə ailəsi və kənd sakinləri onun qəbirini ziyarət edib, ruhuna dualar oxuyublar. Daxili Qoşunların baş çavuşu Ruslan Sadıqov ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq, heç zaman yaddaşlardan silinməyəcək.