Şəkidə istedadlı gənc kamança ustasının solo konserti keçirilib...

28 Dekabr 2021 16:11
Şəkidə istedadlı gənc kamança ifaçısı Abid Çələbinin solo konserti keçirilib. Tədbirə ölkənin müxtəlif bölgələrindən olan musiqi məktəblərinin nümayəndələri qatılıblar.

Konsertdə Abid Çələbini şagirdi olduğu Şəki şəhər 2 saylı uşaq musiqi məktəbinin digər şagirdləri müşayiət ediblər. Xatırladaq ki, Şəkinin bu gənc yetirməsi bir çox respublika və beynəlxalq yarışmaların, festivalların laureatıdır.

Təkcə bu il ərzində Abid Çələbi Bakıda keçirilən "Payız əfsanələri 2021" İncəsənət müsabiqəsinin, "Üç alov" Uşaq və gənclərin 2-ci beynəxalq Folklor, Klassik, Müasir yaradıcılıq festivalı və Art Olimpia 2021 Beynəlxalq İncəsənət müsabiqəsinin laureatı, Kazanda keçirilən "Cantabile e Presto" beynəlxalq konkursun qalibi, Avstriyanın paytaxtı Vyanada keçirilən beynəlxalq müsabiqənin qalibi olub.

Yerli və xarici bəstəkarların musiqilərinin səsləndirildiyi konsert proqramı tamaşaçıların rəğbətini qazanıb. Qeyd edək ki, binası əsaslı təmirə dayandığından müxtəlif məktəblərdə fəaliyyətini davam etdirən Şəki 2 saylı uşaq musiqi məktəbində 8 ixtisas üzrə 492 tələbə musiqi təhsili alır və Abid Çələbi ilə yanaşı, onlarla məzun beynəlxalq və respublika səviyyəsində keçirilən müsabiqə və festivallarda fəxri yerlərə laiq görülüblər.