“Xəmsə yolu” layihəsinin növbəti tamaşası Qəbələdə nümayiş olunub...

22 Dekabr 2021 15:48
Kürdəmir Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil olunan "Xəmsə yolu” layihəsi çərçivəsində növbəti tədbir Qəbələdə baş tutub. Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamından irəli gələn tədbirlərin icrası ilə əlaqədar Kürdəmir, Sabirabad, İsmayıllı, Şəki və Gəncə Regional Mədəniyyət idarələrinin təşkilatçılığı ilə həyata keçirilən “Xəmsə yolu” layihəsinin icrasına başlanılıb.

Qəbələdə keçirilən tədbirdə öncə rəsm əsərlərindən və kitablardan ibarət sərgiyə baxış keçirilib. Daha sonra Nizami Gəncəvinin "Xəmsə"si əsasında hazırlanmış tamaşa təqdim olunub. Tədbir tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Layihənin məqsədi Nizami Gəncəvi yaradıcılığının geniş şəkildə təbliğ olunması və zəngin ədəbi irsini dərindən mənimsətməkdir. Layihə üzrə növbəti tamaşalar digər rayonlarda da nümayiş etdiriləcək.