Şəkidə qəzalı binalar təhlükə mənbəyinə çevrilib...

19 Dekabr 2021 14:30
Şəkini turistlərin cazibə mərkəzinə çevirən tarixi, dini, mədəni abidələri, yəni qədimiliyidir. Ancaq bu qədimiliyi qorumaq üçün mütəmadi olaraq o binalara nəzarət edilməli və restavrasiya olunmalıdır.

Şəkidə isə texniki cəhətdən köhnəlmiş, istismar müddətini başa vurmuş, çətinliklə dayanan bir çox binalar var ki, onlar ətrafda yaşayan sakinlər, şəhərin qonaqları üçün əsl təhlükə mənbəyinə çevrilib.

Zəlzələ zamanı bu cür binaların çökmə riskinin böyük olmasını və Şəkinin zəlzələyə meyilli bölgədə yerləşdiyini nəzərə alsaq, o zaman yaşanacaq fəlakətin miqyasını təsəvvür etmək olmur. Aidiyyatı qurumlar da məsələdən xəbərdardır. Amma mövcud vəziyyətdə bir yenilik yoxdur.

Şəkinin mərkəzində yerləşən uzun müddət Xalq Maarif şöbəsi kimi fəaliyyət göstərən bina təhlükə saçır. Hazırda burda 534 şagirdin təlim keçdiyi Şəki Uşaq Gənclər İdman Şahmat məktəbi fəaliyyət göstərir.

İstismara yararsız olan binanın konstruksiyaları bir birindən ayrılıb, divarlarında iri çatlar yaranıb. Ani titrəyişdə uçma təhlükəsi olan binada uşaqların təhsil alması isə yaşana biləcək faciənin daha böyük miqyasda olacağından xəbər verir.

Bir zamanlar bəy evi olan, 1890-cı ildə tikilən bina həm də tarixi əhəmiyyət daşıyır. Odur ki, binanın ciddi şəkildə restavrasiyasına ehtiyac var. "Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğu ərazisində yerləşən köhnə yaşayış evi də bu qəbildəndir. Uzun illər aşınmaya məruz qalan binada sadəcə dörd divar qalıb. Yoldan iritonnajlı avtomobillər keçərkən və ya güclü külək zamanı iri daşlar qoparaq küçəyə tökülür.

Nəticədə həmin vaxt ərazidən keçənlər üçün ciddi təhlükə yaranır. Sakinlərin sözlərinə görə, mövcud vəziyyət illərdir ki, davam edir. Şəki şəhərində qısa gəzintimizdə daha bir neçə qəzalı vəziyyətdə olan tarixi binalarla qarşılaşdıq.

Məsələyə münasibət bildirən şəhərin baş memarı təhlükəli binaların qeydiyyata alındığını və lazımi qurumlara müraciət edildiyini bildirdi. Onun sözlərinə görə, vəziyyəti çətinləşdirən məqamlardan biri də tarixi binaların bir çoxunun Şəhər İcra hakimiyyətinin balansında yox digər qurumların balansında olmasıdır.

Ümid edək ki, bir faciə yaşanmadan bərpa işlərinə start verilər və qəzalı binaların yaratdığı təhlükə aradan qaldırılar. O zamana kimi isə yolu həmin ərazidən keçənlər gərək daha diqqətli olsunlar. Nəticədə təhlükə "gəlirəm" demir...