Narkotiki şüşə qablara yığıb, it damında gizlədən şəxs saxlanılıb...

16 Dekabr 2021 17:11
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Rayonun Meşəşambul kənd sakini, əvvəllər də məhkum olunmuş Nurani Kahayevin yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə polisə məlumat daxil olub.

Keçirilmiş tədbirlərlə şübhəli şəxs qismində saxlanılan Nurani Kahayevin üzərindən qurudulmuş marixuana aşkarlanıb. Yaşadığı ünvana baxış keçirilən zaman isə saxlanılan şəxsin narkotik vasitəni şüşə qablara yığıb, evin həyətindəki it damında gizlətdiyi müəyyən edilib.

O, ifadəsində kənar şəxslərin əlinə keçməməsi üçün narkotiki orada gizlətdiyini və vaxtaşırı istifadə etdiyini bildirib. Ümumilikdə 7 ədəd şüşə qabda olan qurudulmuş marixuana həmin yerdən götürülərək ekspertizaya təqdim olunub.


Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.