“Zəfərə aparan yol: milli və dini həmrəylik”

15 Dekabr 2021 18:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda seminar keçirilib.

Seminarda komitənin və rayon administrasiyasının və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ,din xadimləri, müəllimlər və gənclər iştirak edib. Çıxış edənlər bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir və hər kəsin etiqad azadlığı təmin olunur.

Azərbaycan müxtəlif millətlərlə dostluq, qardaşlıq şəraitində yaşayan respublika kimi bütün dünyaya bir nümunədir. Çoxmillətli, çoxkonfessiyalı respublika kimi ölkəmizdə bütün xalqların, dinlərin, etnik qrupların nümayəndələri eyni hüquq və azadlığa malikdir.

Həmçinin vurğulanıb ki, Azərbaycanın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yeni məscidlər inşa edilir və ya əsaslı təmir olunur. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.