Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücülər saxlanıldı...

08 Dekabr 2021 15:52

Balakəndə narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücülər saxlanılıb. Onlar polisin "saxla" əmrinə tabe olmayıblar. Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən və digər hərəkət iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan sürücüləri saxlayıb. Rayonun Mahamalar kəndi ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü davamlı şəkildə yol-hərəkəti qaydalarını pozduğu üçün polis əməkdaşları ona “saxla” əmri verib. Lakin, o, əmrə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Nəqliyyat vasitəsi dayandırıldıqdan sonra sürücü və sərnişinlərin narkotik vasitə qəbul etmələrinə dair şübhələr olduğundan həmin şəxslər polis şöbəsinə gətiriliblər. Sürücü, Balakən şəhər sakini Əli Məcidov, sərnişinlər Əli Paçalov və Tacəddin Dibirov tibbi müayinədən keçirildikdən sonra onların hər üçünün heroin qəbul etdiyi müəyyən olunub. Saxlanılan şəxslər də ifadələrində əməllərini etiraf ediblər. Keçirilən digər bir tədbir zamanı isə narkotik vasitənin təsiri altında sükan arxasına əyləşib, piyadaların həyatı üçün təhlükə saçan Mahamalar kənd sakini Abdulla Osmanov istifadəsində olan “Opel” markalı avtomobillə birgə saxlanılıb. Tibbi müayinədən keçirilən həmin sürücünün narkotik vasitə -marixuana qəbul etdiyi məlum olub. Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.