“Azərtütün” ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsinin qalibi elan olunub…

01 Dekabr 2021 11:18

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilən investisiya müsabiqəsi nəticəsində daha bir müəssisə özəlləşdirilib. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti  Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizinin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edib.  Müsabiqə Komissiyası iddiaçıların təkliflərinə baxdıqdan sonra investisiya müsabiqəsinin qalibi elan edilib. Müsabiqənin qalibi investor dövlət büdcəsinə 6 400 000 manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 8 200 000 manat təşkil edən İnvestisiya Proqramının icrasını, habelə müəssisənin kreditor borclarının ödənilməsinin təmin edilməsini üzərinə götürüb. Müsabiqə qalibi tərəfindən investisiyaların 1 il ərzində yatırılması, müəssisədə 130 nəfərdən az olmayan daimi və mövsümi iş yerlərinin yaradılması planlaşdırılır.  Dövlət müəssisəsinin özəlləşdirilməsi ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması istiqamətində növbəti addım kimi qiymətləndirilir.