Qəbələdə şəhid Rüstəm Atakişiyevin xatirəsi anılıb...

27 Oktyabr 2021 13:34

44 günlük Vətən Müharibəsinin Qəbələdən olan şəhidi Rüstəm Atakişiyevin xatirəsi anılıb. Doğmaları, yaxınları, ictimaiyyət nümayəndələri, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidin təhsil aldığı məktəbin kollektivi şəhadətinin ildönümü ilə əlaqədar 20 yaşlı qəhrəmanın Qəbələ rayonu Tüntül kənd qəbiristanlığında yerləşən məzarını ziyarət ediblər. Çıxış edənlər Rüstəm Atakişiyevin timsalında Azərbaycan hərbçilərinin cəsarətindən, Ordumuzun rəşadətindən bəhs ediblər. İki bacının yeganə qardaşı olan Rüstəm Atakişiyevin əziz xatirəsi doğma Tüntül kəndində inşa edilən bulaq kompleksi ilə əbədiləşdirilib. Açılış mərasimi çoxsaylı qonaqların iştirakı ilə baş tutub. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savan Rüstəm Füzuli döyüşləri zamanı yaralansa da, mübarizəsini davam etdirib. Müharibə dövründə Ermənistan Ordusunun 10-dan çox hərbçisini məhv edən Rüstəm Atakişiyev oktyabrın 21-də Şuşa istiqamətində gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.