Yaponiyalı sərmayədarlar Şəkidə olub...

08 Oktyabr 2021 18:19

Şəki Şəhər İcra Hakimiyyəti bir neçə ildir ki, əsasən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Yaponiyanın qabaqcıl şirkətlərindən sayılan “Tet İnternational Development” şirkəti ilə sıx əməkdaşlıq edir. Sərmayə qoyduqları müəssisələrin fəaliyyəti ilə tanış olmaq üçün Azərbaycana səfər edən şirkətin 35-dək sərmayədarı Şəkidə olub, şəhərin görməli yerlərini gəzib, tarixi məkanlara baş çəkib, şirkətin müəssisəsi olan tütünqurutma məntəqəsinin fəaliyyəti ilə maraqlanıblar. Yaponiyalı sərmayədarlar əvvəlcə şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı ilə tanışlıq qonaqlarda böyük maraq doğurub. Qoruğun ərazisində yerləşən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq zamanı qeyd edilib ki, sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə sənətkarlığın digər növləri kimi, keramika sənəti də bu günə qədər öz əhəmiyyətini saxlayıb. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb. Sonra yaponiyalı sərmayədarlar, tütünqurutma məntəqəsində olub, emal prosesini izləyiblər, həmçinin Şəkidə tütün istehsalı və emalı sahəsində yaradılacaq növbəti məntəqənin layihəsi ilə də tanış olublar.