Zaqatalada yerli məhsulların sərgi-satış yarmarkası keçirilib...

25 2021 15:25

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən həyata keçirilən “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində yekun qida sərgi-yarmarkası Zaqatalada təşkil olunub. Yarmarkada layihədən yararlanan 19 istehsal qrupunun 100-dən çox məhsulu nümayiş etdirilib, eyni zamanda, satışı təşkil olunub. Yarmarkada təqdim olunan bu bölgəyə xas müxtəlif şirniyyatlar, fındıqdan hazırlanan məhsullar, qaxac ət və quru dolma, meyvə quruları, turşular, mürəbbələr, bəkməz, bal və arıçılıq məhsulları, digər ləziz təamlar öz keyfiyyəti və rəngarəngliyi ilə iştirakçıların diqqətini cəlb edib. Sərginin keçirilməsində məqsəd kiçik kənd təsərrüfatı sahibkarlığını dəstəkləyən səmərəli və inklüziv aqro-ərzaq sistemlərini inkişaf etdirməkdir. Layihə bu bölgə üzrə geniş istehsal dairəsi olan fındıq əzməsi, xurma qurusu və bəkməz, bal, qoz mürəbbəsi, qaxac ət məhsullarının istehsalını dəstəkləməklə dəyər zənciri formalaşdırır.