Balakən və Zaqatalada selin fəsadları aradan qaldırılır...

24 2021 17:19

 Balakən və Zaqatalada selin fəsadları aradan qaldırılır. Çayların ətrafında sahilbərkitmə işləri aparılır. Zaqatala şəhəri, rayonun Yolayrıc, Höytala, Hovtala, Mazıx, Balakənin Kortala kəndində təbii fəlakətin zərər vurduğu evlərdən sel suları xüsusi nasoslar vasitəsi ilə təmizlənir. Hər iki rayona elektrik enerjisinin verilməsindəki fasilələr aradan qaldırılıb. Hazırda selin fəsadlarının aradan qaldırılması və dəyən zərərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Qeyd edək ki, ötən gecə şimal-qərb bölgəsinə yağan güclü yağış nəticəsində yaranan sel Balakən- Zaqatala rayonlarında ciddi fəsadlar törədib. Katex, Balakən, Tala və digər çaylarda suyun səviyyəsi qalxıb, sel suları evləri və təsərrüfat sahələrini basıb. Bir nəfər çayda boğularaq dünyasını dəyişib.