Balakənin Gərəkli kəndində yeni məktəb binası istifadəyə verildi...

15 2021 17:33
Balakənin Gərəkli kənd sakinləri yenidən məktəbə ikiqat sevinc və həvəslə hazırlaşırlar. Çünki onlar yeni və ənənəvi təhsil mövsümünə yeni məktəbdə başlayacaqlar. Uzun illər yararsız vəziyyətdə olan və şagirdlərin səbrsizliklə gözlədiyi məktəb müasir avadanlıqlarla da təchiz olunub.
Balakənin Gərəkli kəndində 1965-ci ildə inşa olunan köhnə məktəb binası sökülərək yerində 3 mərtəbəli yeni bina inşa olunub. Müasir təhsil sisteminin yaradıldığı bu məktəb binasında artıq 264 şagird təhsil alacaq. Məktəb binasının açılışında iştirak edən şagird və valideynlər yeni sinif otaqları ilə tanış olublar. Ənənəvi təhsilə geri dönəcək şagirdlər ikiqat sevinc yaşayır. Çünki onlar artıq yeni tikilmiş, müasir avadanlıqlarla təchiz olunmuş , işıqlı məktəb binasında təhsil alacaqlar. Son vaxtlar bölgədə baş verən yeraltı təkanlarla qəzalı vəziyyətə düşən məktəbin yalnız bir tədris korpusunda təhsil davam edib. Bu da şagirdlərin sayının yarıya enməsinə səbəb olub. Ətraf kəndin məktəblərinə məcburi olaraq yönələn şagirdlər həm vaxt itgisinə yol verir, həm də əlavə pul xərcləyirdi. Daim uğurları ilə seçilən Gərəkli kənd tam orta məktəbinin ən böyük uğuru isə Vətənə layiqli, Vətənpərvər övladlar yetişdirməsidir. Məktəbin 3 şagirdi- Kənan Muradov, Amin Novruzov və Vahid Əlisoltanov 2-ci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Şəhidlər üçün yaradılmış guşədə onların xatirəsi yaşadılır. Məktəbin açılışında şəhid valideynləri də iştirak edərək öz xeyir dualarını veriblər. Qeyd edək ki, yeni məktəb binasında 12 sinif otağı, fənn kobinetləri, 162 yerlik akt zalı, 78 yerlik yeməkxanası mövcuddur.