Yerli məhsulların sərgisi keçirilib...

13 2021 19:28

Qaxda təşkil olunan yarmarka tipli sərgidə Qax, Zaqatala və Balakən rayonlarından yerli istehsal qrupları iştirak edib. Layihə çərçivəsində Balakən rayonu üzrə 5, Zaqatala rayonu üzrə 7, Qax rayonu üzrə 7 olmaqla ümumilikdə 19 istehsal qrupu yaradılıb. Onlara marketinq, mənfəət və zərərin hesablanması, brendləşmə, kooperativ fəaliyyət, qida təhlükəsizliyi, aqroturizm sahələrində təlimlər verilib. Növbəti mərhələdə qruplara kiçik istehsal avadanlığının verilməsi və istehsal edilən məhsulların bazara çıxarılmasında köməkliyin göstərilməsi nəzərdə tutulur. Sərgi-yarmarkada 19 qrupun istehsal etdiyi məhsullar nümayiş etdirilməklə qruplara satış imkanı yaradılıb. Açıq havada keçirilən yarmarkada iştirak edən bölgə sakinləri belə sərgiləri müsbət dəyərləndiriblər. Bu tip sərgilər onların məhsullarının asanlıqla bazarlara çıxarılmasına dəstək verir. Qeyd edək ki, yarmarkaların məqsədi yerli ərzaq məhsullarını turistlərə tanıtmaq, istehsalçılarla emalçılar, restoranlar, topdançılar və istehlakçılar arasında əlaqələr yaratmaq, bölgəyə məxsus qastronomik inciləri tanıtmaqdan ibarətdir.