Şəkidə qadın sahibkarların regional konfransı keçirilib...

10 2021 15:02

Şəkidə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən qadın sahibkarların regional konfransı keçirilib. Azərbaycanda Qadın Sahibkarların İnkişafı Assosiasiyası tərəfindən keçirilən tədbirə bölgədə fəaliyyət göstərən qadın sahibkarlar qatılıb. İki hissədən ibarət tədbirin ilk hissəsi sənətkarlıq incisi, təkəlduz irsinin davam etdirilməsi layihəsi olub. İsveçrə Əməkdaşlıq Təşkilatı ilə birgə həyata keçirilən layihə çərçivəsində 20 nəfər gənc xanıma 5 ay təlim-tədris keçirilib. Onlara maddi yardım da edilib. Tədbirin ikinci hissəsi isə bölgədə olan qadın sahibkarların perspektivlərinə həsr olunub. Onların üzləşdiyi çətinliklər və inkişaf yolu müzakirə edilib. Bildirilib ki, Azərbaycanda Qadın Sahibkarların İnkişafı Assosiasiyası və KOB İnkişaf Agentliyi bu cür sahibkarlara yardım üçündür və onların inkişafı üçün çalışır. Tədbirin sonunda təkəlduzla məşğul olanların birliyi yaradılıb. Həmçinin bu sənətə yeni yiyələnən xanımların qadın sahibkarlarla tanışlığı baş tutub.