Şəki ipəyi yeni dövrünü yaşayır...

06 2021 15:23

Şəki İpək Kombinatı öz şöhrətli keçmiş günlərinə qayıdışının siqnallarını verir. Bunu ildən-ilə artan istehsal gücü və barama sayı da göstərir. Pandemiya səbəbindən müəyyən fasilələr yaransa da, kombinat fəaliyyətini tam gücü ilə bərpa edib. Bu il 500 tona yaxın barama qəbul edən müəssisə növbəti illərdə daha çox məhsul əldə etməyi hədəfləyir. Tezliklə pilot layihə kimi atlaz parçaların da istehsalına başlanılacaq. Bunun üçün hazırda pambıq qəbulunun başlanması gözlənilir. Eyni zamanda başqa növ parçaların da istehsalı planlaşdırılır. Kombinatda ipək sap da istehsal edilir. Xalça sexində ipək xalçalar toxunaraq həm ölkədə, həm də ölkənin sərhədlərindən kənarda satılır. Həmçinin kümçülərin də marağı il keçdikcə daha da artır. Onu da qeyd edək ki, başda kəlağayı olmaqla kombinatda istehsal edilən məhsullar “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara ixrac edilir. Bu yolla həm məhsulun saxtalaşdırılmasının qarşısı alınır, həm də brendin inkişafına təkan yaranmış olur.