Cənnətdəki ilk doğum günün mübarək, şəhidim!

25 2021 17:08

2000-ci ildə Şəkinin Birinci Biləcik kəndində anadan olan Vilayət Allahverdiyev tərbiyəli, vicdanlı, qəlbində vətən sevgisi ilə böyüyür. Hərbi xidmətini qürurla başa vurduqdan bir neçə ay sonra Vətən müharibəsi başlayır. İşğal altındakı torpaqlarımızın azad olunmasında o da əlindən gələni etmək istəyir. Elə könüllü olaraq müharibəyə yollanmaq üçün ilk müraciət edənlərdən biri olur. Vilayət Allahverdiyev döyüşə qatılan ilk gündən şücaət göstərir. Əsgər yoldaşları onun da tərkibində vuruşduğu dəstənin Cəbrayılda onları mühasirədən xilas etdiyini deyirlər. Laçına qədər döyüş yolu keçən Vilayət düşmənə sarsıdıcı zərbələr endirib. Qızğın döyüşlər zamanı son damla qanına qədər qəhrəmancasına döyüşərək şəhadətə ucalıb. 20 illik qısa ömür payını şərəflə başa vuran Vilayətin ad gününü ailəsi məzarı başında qeyd edib.  21-ci yaşı xatirələri ilə qeyd edilən şəhidimizin məzarına gül dəstələri düzülüb, ruhuna dualar oxunub.