Cənnətdəki ilk doğum günü...

24 2021 13:45

Vətən müharibəsi başlayanda hərbi xidmətdə olan Şahin də ordumuzun digər cəsur igidləri kimi döyüşə atıldı. Adının haqqını verərək Şahin kimi şığıdı düşmənin üstünə...

Xüsusi Təyinatlı Qüvvələrin tərkibində mərdcəsinə, şücaətlə vuruşan Şahinin düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv edilməsində böyük əməyi olub. Füzuli istiqamətində gedən qızğın döyüşdə özünün də yaralanmasına baxmayaraq, ağır yaralı silahdaşlarını döyüş meydanından çıxaran Şahin son damla qanına qədər mübarizə aparıb. Və sonda elə şahin kimi ən uca zirvəyə qonub, şəhidlik məqamına yüksəlib. Ömrünün 19-cu baharında Vətən yolunda canını fəda edən Şahin İsgəndərovun cənnətdəki ilk ad günü məzarı başında qeyd edilib, məzarının üzərinə gül dəstələri və çələnglər düzülüb, şəhidlərimizin ruhuna dualar oxunub. Şahin İsgəndərov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.