Vətən müharibəsi şəhidinin adına bulağın açılışı olub...

16 2021 13:13

Balakən rayonunun Kortala kəndində 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan Əsgər Hüseynovun adına bulağın açılışı olub. Şəhid bulağı şəhidin evinin qarşısında açılıb. Bulağın açılışından öncə şəhid məzarı ziyarət edilib və məzarı üzərinə gül dəstələri qoyulub. Daha sonra şəhidin evinə qədər yürüş keçirilib. Açılışda rayon rəsmiləri, yerli sakinlər və şəhidin yaxınları iştirak ediblər. Mərasimdə bildirilib ki, şəhid Əsgər Hüseynov 1998-ci ilin 23 dekabrında Kortala kəndində doğulub. Vətən müharibəsi başlayan günlərdən könüllü olaraq döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində uğurlu döyüş yolu keçib. Əsgər Hüseynov ömrünün 22-ci baharında Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə döyüş yoldaşlarını döyüş meydanından çıxarıb, daha sonra qəhrəmancasına döyüşərək şəhid olub. Evin tək övladı olan şəhidin valideynləri, yaxınları onunla qürur duyduqlarını bildiriblər. Qeyd edək ki, şəhid Hüseynov Əsgər Vaqif oğlu 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.