Fındıq oğurlayan xalaoğlular saxlanılıb...

14 2021 19:27

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş müraciət əsasında keçirilən əməliyyat zamanı fındıq oğurlayan şəxslər saxlanılıb. Rayonun Qazbinə kəndi ərazisindəki fındıq bağından kisələrdə olan 150 kiloqram fındığın oğurlanması barədə polisə müraciət daxil olub. Müraciət əsasında keçirilən tədbir zamanı oğurluğu törətməkdə şübhəli bilinən Mahamalar kənd sakini İxtiyar Qımrıyev və xalası oğlu Tale Ocaqverdiyev saxlanılıb. “102” Zəng Mərkəzinə müraciət edən Balakən şəhər sakini isə ona məxsus mal-qaranın 2 nəfər tanımadığı şəxs tərəfindən oğurlanmağa cəhd göstərildiyini, onlardan birini hadisə zamanı özünün tutduğunu, digərinin isə qaçaraq uzaqlaşdığını bildirib. Polislər tərəfindən keçirilən əməliyyat zamanı məsuliyyətdən yayınmağa cəhd göstərən həmin şəxs də qısa müddət ərzində saxlanılıb. Onların rayon sakinləri Əbdülrəhim Muradov və Heydər Abdullayev olduqları müəyyən edilib. Araşdırma zamanı saxlanılan şəxslərin əvvəllər də həmin ərazidən iribuynuzlu heyvanları oğurlamağa cəhd göstərdikləri məlum olub. Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.