Düşmənə qarşı mərdliklə vuruşan Vətən oğlu...

11 2021 13:04

Şıxıyev Vüqar Xalid oğlunun Vətən müharibəsi başlayanda 49 yaşı vardı. Döyüşlərin ilk günlərindən könüllü olaraq səngərlərə üz tutdu. Ön cəbhəyə, Vətənin keşiyinə yollandı. Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə, Murovdağın işğal altında olan yüksəkliklərinin azad edilməsində mərdliklə iştirak edib, düşmənin kabusuna çevrilib, mənfurların xeyli sayda canlı qüvvəsinin, eləcə də texnikasının məhv edilməsində böyük rolu olub. 44 günlük müharibənin od-alovuna sinə gərib zəfər yolunda addım-addım irəliləyən Vüqar Şıxıyev Vətən müharibəsində göstərdiyi şücaətlərə görə medallarla təltif edilib. Vüqar Şıxıyevin 50-ci doğum günündə ailəsi, yaxınları, ictimaiyyət nümayəndələri onun xatirəsini əbədiləşdirmək üçün tikilən bulağın açılışına qatılıblar. Ailənin yeganə təsəllisi odur ki, torpaqlarımızın azad, sərhədlərimizin bütöv olmasında Vüqarın da rolu olub. Baş leytenant göstərdiyi qəhrəmanlıqlarla daim vətənini sevən əsl vətəndaş, canını fəda edən qəhrəman kimi anılacaq. Cənab baş leytenant, doğum günün mübarək, məkanın cənnət, ruhun şad olsun!!!