“Xəyal 2021” futbol turniri start götürdü...

22 2021 16:01

 Şəkidə 44 günlük Vətən müharibəsində şəhid olmuş Mayor Xəyal Məmmədovun xatirəsinə həsr edilən futbol turniri start götürüb. Turnir 17 gün davam edəcək.  Şəki Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən “Xəyal 2021” futbol turnirinin açılış günü turnir iştirakçıları ilk olaraq şəhid Xəyal Məmmədovun məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Şəki şəhər stadionunda turnirin açılış mərasimi keçirilib. İlk öncə Azərbaycan himni səslənib və Vətən müharibəsi zaman şəhid olan Xəyal Məmmədovun, eləcə də bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra komandalar meydana çıxıb. Matça startı simvolik olaraq şəhidin iki qız övladı verib. Turnirin final matçı iyulun 7-də keçiriləcək. Qalib komanda kubokla mükafatlandırılacaq. Digər yerləri tutmuş komandalar isə müvafiq olaraq medallarla mükafatlandırılacaqlar. Qeyd edək ki, turnirin keçirilməsi şəhidlərimizin xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək və onların asudə vaxtının səmərəli təşkili məqsədini daşıyır.