Şimal-Qərb bölgəsində qar...

18 2021 18:00
Şimal-Qərb bölgəsində dünən gün ərzində yağan yağış axşam saatlarına doğru qara çevrilib. Havanın temperaturu xeyli aşağı düşüb.
Şimal-qərb bölgəsində Qax rayonunun dağlıq ərazilərinə, eləcə də Qax şəhərinə daha çox qar yağıb. İlisu kəndində qarın qalınlığı 40 santimetr, Qax şəhərində isə 15-20 santimetrdir. Gecə saatlarında rayona elektrik enerjisinin verilməsində fasilə yaransa da, səhər saatlarında rayon ərazisinə enerjinin verilməsi əsasən bərpa olunub. Yaşayış məntəqələrinin təbii qazla təchizatı da normal qaydada davam edir. Havaların qeyri-sabit, qarlı keçməsi ilə əlaqədar Qax rayonunun yol təsərrüfatının işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Qax-İlisu, Qax-Qaşqaçay-Armudlu, Qax-Şəki, Qorağan-Qax-Zaqatala avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün lazımi tədbirlər görülüb. Avtomobil yolları texnikanın köməyi ilə qardan təmizlənib, yollara duz-qum qarışığı səpilib. Zaqatalada da qarın hündürlüyü15-20 sm, bəzi dağlıq ərazilərdə isə daha çox olub. Zaqatala şəhəri , rayonun Yuxarı Tala, Meşleş , Muxax, Aşağı Tala və digər ərazilərində elektrik naqillərinin qırılması nəticəsində enerji verilində qısamüddətli fasilələr yaranıb. Qısa zamanda elektrik enerjisinin verilişi bərpa olunsa da ərazilərdə elektrik naqillərinin təmiri aparılır. Hazırda bölgəyə qar yağmaqda davam edir. Yol polisi bu gecə və səhər saatlarında yolların buz bağlayacağı ehtimalını nəzərə alaraq sürücüləri zərurət yaranmadığı halda şəxsi avtomobillərindən istifadə etməməyə, ehtiyyatlı olmağa çağırır.