Çobanların qışlaq həyatı...

27 2021 16:57
Kənd təsərrüfatının ən çətin, lakin elə ən gəlirli sahələrindən biri də qoyunçuluqdur. Son illər qoyunçuluğa maraq artsa da, təsərrüfat sahibləri qoyun-quzusunu etibar edəcək çoban tapmaqda çətinlik çəkir. Hal-hazırda qoyunçuluq təsərrüfatlarında qış balalama dönəmi başa çatmaq üzrədir. Bu dönəmdə çobanların da qayğıları əməlli başlı artır.

Qışın qarı, şaxtası, yazın, payızın yağışı, yayın qızmar günəşi demədən evindən, ocağından uzaqda, gününün çox hissəsini ağır zəhmətlə keçirməkdir çoban olmaq. Kənardan heç bir əlavə bilik, bacarıq tələb etməyən asan bir peşə kimi görünür bəlkədə çoxlarına. Ancaq belə deyil. Çobanın, qoyunçuluq təsərrüfatını idarə edənin gərək təbiət elmlərindən də, riyazi biliklərdən də, hətta təbabətdən də az-çox başı çıxsın. Zaqatala rayonunun Gözbaraq kənd sakini Əhməd Şahvələdov da artıq 40 ildən artıqdır ki, çobanlıqla məşğuldur. Bu soyuq qış aylarında Əhməd kişinin çobanlıq etdiyi qoyunçuluq təsərrüfatı rayondan 120,130 km aralıqda yerləşən Acınohur düzündə qışlaqdadır. Təsərrüfat sahibi HacıƏhməd kişi də çobanlarla birgə, gecə gündüz qışlaqda qalaraq, qoyunların qış balalama dönəminə nəzarət edir. Gecələr yeni doğulan quzular soyuqdan ölməsin deyə, isti yerdə saxlanılır. Bu dönəmdə ən çətin məqam isə, daha zəif quzuların əmizdirilməsidir. Hər bir quzunu, qoyunu ayrı-ayrılıqda tanıyan təsərrüfat sahibi, öz anasını tapmaqda çətinlik çəkən quzulara kömək edir. Təsərrüfatı qorumaq üçün hətta gecələr də çobanlar növbəylə keşik çəkir. Axı fürsət gözləyən canavar hər an təsərrüfata soxula bilər. Gündüz isə qoyunları otaran zaman çoban gərək canavarla yanaşı, qoyunu uçurum və dərəyə düşməkdən də qorusun.Bu işlərdə çobanın ən yaxın dostu və köməkçisi isə itidir. Qışlaqda qaldıqları 6 ay müddətində çobanlar çalışırlar ki, həm qoyunları qışdan sağlam çıxarsınlar, həm də yaxşı bala alsınlar. İndi isə yeganə istəkləri yayın quraq keçməməsidir. Hazırda təsərrüfatlarda balalama dövrünün sonudur. Bu günəcən hər ana qoyundan bir bala alan çobanlar döl tam yekunlaşan kimi yaylaq hazırlıqlarına başlayacaqlar.