Yazdığı hekayəsinin qəhrəmanına çevrildi...

08 Dekabr 2020 16:19

İkinci Qarabağ savaşında öz canı və qanı ilə şanlı salnamə yazan şəhidlərimizdən biri də Zaqatala rayonunun Aşağı Tala kənd sakini Valeh Bədəlovdur. İxtisasca filoloq olan Valeh uşaqlıqdan fitri istedadı və ensiklopedik bilikləri ilə yanaşı, hərbi sahəyə marağı və vətənpərvərliyi ilə seçilib. Hələ 7 yaşındaykən şeir qoşmağa,hekayə yazmağa başlayan Valehin yazdıqları da vətənpərvərlik mövzusunda olub. Elə yazdığı hekayənin qəhrəmanının taleyi də Valehə qismət oldu. Öz ixtisası üzrə 5 il təhsil alsa da hərbi sahəyə olan marağı onun yolunu hərbidən salır. Aprel döyüşlərində də iştirak edən Valeh Bədəlov öz işi və döyüş yolu barədə heç vaxt ailəsinə məlumat vermir. Ailəsi yalnız, şəhid olduqdan sonra onun kəşfiyyatçı qrup komandiri olduğundan xəbər tutur. Qısa müddətdə bilik və bacarığı, hərbi tapşırıqların öhdəsindən layiqincə gəlməsi Valeh Bədəlovu Baş leytenant hərbi rütbəsinə, Xüsusi Təyinatlı bölmənin Qrup komandiri vəzifəsinədək çatdırır. Döyüş yoldaşları Valehi soyuqqanlı və təmkinli hərbçi,əsl dost,sirdaş kimi xatırlayırlar. 30 yaşlı Valeh Bədəlov evli idi. Onun iki azyaşlı qız övladı var. İndi ailə qazanılan qələbədə hər bir igid oğul kimi övladları Valeh Bədəlovun da payı olması ilə təsəlli tapır...