DİM Şəkidə ümumi və tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirib...

02 2020 17:49

Dövlət İmtahan Mərkəzi Şəkidə ümumi və tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirib. İmtahanların keçirilməsi üçün Şəkidə 10 mərkəz ayrılıb. Buraxılış imtahanları Şəki şəhərindəki 8, 9, 10, 11, 12, 14, 17 və 20 nömrəli tam orta, fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub. Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahana başlamazdan əvvəl, binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub. Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə 2200 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 26 imtahan rəhbəri və 228 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 176 otaq ayrılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.