Məktəb tikintisi zamanı tarixi abidə aşkarlandı...

13 2020 16:48
Qobustanda məktəb tikintisi zamanı tarixi abidə aşkarlanıb. Ərazidə çoxlu sayda saxsı qırıntıları, kərpic fraqmentləri, ocaq yeri və sümük qalıqlarının müşahidə edilib..
Maddi-mədəniyyət nümunələri yeni tikilən Sündü kənd tam orta məktəbinin ərazisindən aşkar edilib. Məktəbin bünövrəsi qazılarkən 1-2,5 m. dərinlikdən müxtəlif ölçülü saxsı qablar aşkar edilib və onların böyük bir hissəsi kənd sakinləri tərəfindən götürülüb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən bölgə üzrə arxeoloji ekspedisiyanın rəhbəri Akif Quliyev əraziyə göndərilib. Əldə edilmiş maddi-mədəniyyət nümunələrinə əsasən buranın antik dövrə aid nekropol olduğu müəyyən olunub. Kənd sakinləri ilə danışıqlardan sonra bir neçə materialın yerini müəyyən etmək mümkün olub. Bu qablar Antik əsrlərə aid mədəniyyət nümunələridir. Dolçanın birinin üzərində basma üsulu ilə unikal təsvirlər-damğalar həkk edilib. Abidədə arxeoloji tədqiqat işlərinin həyata keçirilməsi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Mədəniyyət Nazirliyinin bərgə qərarından sonra baş tuta bilər. Qeyd edək ki, Qobustan rayonunun Sündü kəndi tarixi baxımından unikal bir yerdir. Kənd ərazisində Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınmış 36 qədim qəbiristanlıq, 920-ci ildə inşa edilmiş məscid, kurqan, 16 mağara, qədim yaşayış yeri mövcuddur.