Azərbaycanda ilk dəfə sınaq məqsədi ilə yerfındığı bitkisinin əkininə başlanılıb...

06 2020 16:36

Respublikada ərzaq ehtiyatlarının artırılmasında digər paxlalı bitkilər kimi yerfındığının da istehsalının artırılması mühüm əhəmiyyət kəsb edir. Kənd Təsərrüfatı Nazirliyinin birbaşa təşəbbüsü və tapşırığı ilə Əkinçilik Elmi Tədqiqat İnstitutu tərəfindən Zaqatalada ilk dəfə sınaq məqsədi ilə yerfındığı bitkisinin əkininə başlanılıb. İlk olaraq bir hektar ərazidə əkiləcək yerfındığı bitkisində məhsuldarlıq qənaətbəxş olarsa, qarşıdakı illərdə bölgədə, o cümlədən respublikanın digər ərazilərində də bu gəlirli sahə fermerlərə tövsiyə ediləcək. Yerfındığı hal-hazırda Azərbaycana digər ölkələrdən idxal edilir. Gələcəkdə isə əkin sahələrini artırmaqla yerli təlabatı ödəmək və ixrac etmək qarşıya məqsəd qoyulub. Tərkibi yağ, zülal, şəkər, mineral elementlər və vitamin qrupları ilə zəngin olan bu paxlalı 1950-ci illərə də ölkəmizdə bexcərilib. Hətta yerli şəraitə uyğun Pərzivan 46/2 və Zaqatala 294/1 sortları ölkəmizlə yanaşı, Mərkəzi Asiya Respublikalarında da əkilib. Hazırda Zaqatalada yerfındığının çərəz növü əkilib. Bitki əkildikdən sonra 130 gün ərzində yetişir. Bir hektar sahədən isə 2 ton məhsul götürmək mümkündür.