İki respublika əhəmiyyətli yol arasında əlaqələndirici funksiyasını daşıyan yeni yol qurulur...

12 2020 15:35

Qəbələdə uzunluğu 28 km olan yerli əhəmiyyətli Əmirvan-Vəndam avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Sözügedən yol ötən il yenidən qurularaq istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun davamı hesab olunur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, yol yatağının eni 10 metr təşkil edəcək. Tikintinin əhatə edəcəyi sahə 250 min kv.m-dən çoxdur. Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması da tələb olunur. Həmçinin bir mövcud körpünün də əsaslı şəkildə təmiri planlaşdırılır. Yol əsası hazır olandan sonra isə yolun asfaltlanması işlərinə start veriləcək. Əraziyə lazımi sayda canlı qüvvə və 50-dən artıq texnika cəlb olunub.Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.