Şamaxı 2019-cu ilin hesabatını verdi...

02 2020 16:50

Şamaxıda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağı keçirilib. Yığıncaqdan əvvəl Mədəniyyət Mərkəzinin foyesində kənd təsərrüfatı və sənaye məhsullarının, Şamaxının milli mətbəx nümunələrinin nümayiş etdirildiyi sərgi ilə tanışlıq olub. Ardınca keçirilən yığıncaqda qeyd edib ki, 2019-cu ildə Şamaxıda ümumdaxili məhsulun həcmi 322,2 milyon manat olub. Tikinti-quraşdırma işlərinin həcmi 132,1 milyon manat təşkil edib. Üzümlüklərin sahəsi artaraq 1809,3 hektara çatıb, məhsuldarlıq bir il ərzində 4405 ton artıb. Şamaxıda yeni tingçilik təsərrüfatı yaradılıb, üzümçülüyün inkişafına təkan verəcək, habelə turist axınına səbəb olacaq yeni layihələr icra olunub. Ölkəmizdə ilk dəfə olaraq birinci Üzüm və Şərab festivalı keçirilib. Ötən il rayonda dövlət tərəfindən 4 çoxmənzilli bina, 182 fərdi yaşayış evi tikilib, 1100-dən çox ev bərpa, 1300-dən çox ev təmir edilib və bu işlər hazırda da davam edir. “ASAN xidmət” mərkəzi istifadəyə verilib, 8 orta məktəb, 3 uşaq bağçası, 7 tibb məntəqəsi tikilib. Hazırda 3 məktəbin tikintisi aparılır, 1 məktəbin tikintisinə də yaxın günlərdə başlanacaq. “Nəsimi ili” çərçivəsində Şamaxıda 10-dan çox beynəlxalq və ölkə əhəmiyyətli tədbir və konfrans keçirilib, rayona 130 minə yaxın turist gəlib. Yığıncaqda “Əmək” ordeni ilə təltif edilmiş üzümçü fermer Qurbanəli Babaşova orden təqdim edilib, rayonun ictimai-siyasi həyatında və abadlıq-quruculuq işlərində öz fəaliyyətləri ilə fərqlənən bir qrup sakin mükafatlandırılıb. Sonda Prezident İlham Əliyevə müraciət ünvanlanıb.