Balakən, Qəbələ və Şəkidə GİKM-in nümayəndəlikləri açıldı

21 2020 12:54

Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəlikləri Balakən, Qəbələ və Şəki rayonlarında yerləşən Heydər Əliyev mərkəzlərində fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətlərinin rəhbərliyi, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak ediblər. Açılış mərasimində bildirilib ki, Prezident İlham Əliyevin sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Sonra tədbirin iştirakçıları üçün Heydər Əliyev mərkəzlərində fəaliyyət göstərən muzeyə ekskursiya təşkil olunub, eyni zamanda, mərkəzlərin imkanları barədə qonaqlara ətraflı məlumat verilib. Tədbir gənclər üçün musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam etdirilib. Region gəncləri, həmçinin, “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.