Şəkidə ANAMA və Təhsil Nazirliyi birgə zona müşavirəsi keçirib

19 2020 11:25

Şəki şəhər 10 nömrəli orta məktəbdə Təhsil Nazirliyi və ANAMA birgə zona müşavirə-treninqi keçirib. Müşavirədə Təhsil Nazirliyinin və Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin rəsmiləri, Bakı şəhəri Zərifə Əliyeva adına liseyin hərbi rəhbəri, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ və Ağdaş rayonları üzrə Təhsil şöbələrinin müdirləri, məktəb direktorları, hərbi hazırlıq müəllimləri iştirak ediblər. Zona müşavirə-treninqi partlamış və partlamamış mina, silah və sursatlarının tanıdılması, baş verə biləcək faciələrin vaxtında qarşısının alınması, müəllim-şagird heyyətinin partlayış təhlükəsinə qarşı maarifləndirmə işinin düzgün təşkili məqsədi daşıyır. Tədbirdə çıxış edənlər GÇH fənninin şagirdlərin hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olması, vətənpərvər ruhlu vətəndaş kimi formalaşması baxımından mühüm rol oynadığını bildiriblər. Təlim zamanı şagirdlərin silahları söküb-yığması, minaların zərərsizləşdirməsi, əleyhqazlardan istifadə olunması, hədəfin nişan alınması və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsinin, partlamamış hərbi sursatlar və təqlid vasitələri ilə davranış qaydaları, müvafiq hallarda dərhal Daxili İşlər Nazirliyinin 102 və ya Fövqəladə Hallar Nazirliyinin 112 “Qaynar xətt”lərinə məlumat verilməsinin önəmi vurğulanıb. Sonda təlim silahlarına, sursatlarına baxış və onların yoxlanması qaydaları ilə əlaqədar müvafiq tövsiyələr verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.