MSK Şəkidə növbəti regional seminarını keçirdi...

24 2020 18:30

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində Şəkidə regional seminar-müşavirə keçirilib. Şəki şəhərindəki “ASAN xidmət” mərkəzində keçirilən seminar-müşavirədə MSK-nın üzvləri, müvafiq məhkəmə orqanlarının təmsilçiləri, eləcə də Şəki-Zaqatala bölgəsində, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi üzrə dairə seçki komissiyalarının sədrləri, ATƏT-in Albaniyadan olan beynəlxalq müşahidəçisi də iştirak edib. Müşavirədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair məsələlər ətraflı müzakirə olunub. Bildirilib ki, seminar-müşavirələr müvafiq məhkəmə hakimləri və dairə seçki komissiyaları sədrlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi məqsədi daşıyır. Sonda müzakirə olunan məsələlərlə bağlı iştirakçıların sualları cavablandırılıb.