Ətraf mühitin sağlamlaşdırılmasına dəyərli töhfə...

06 Dekabr 2019 17:29
Mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfə kimi qiymətləndirilir. Bu töhfədə şimal-qərb sakinlərinin də rolu olub.
Respublikanın bütün regionlarını əhatə edən dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar , 650 min ağac əkək təşəbbüsünə Qobustan sakinləri də böyük coşğu ilə qoşulub. Rayonun bütün idarə, müəssisə və təşkilatları, yerli icra və özünüidarəetmə strukturları, gənclər, ağsaqqallar, ümumi təhsil məktəbləri ağacəkmədə fəal iştirak edi. Gün ərzində rayon ərazisində 7 mindən çox ağac əkilib. Əkilən ağaclar sırasında akasiya, ağcaqayın, göyrüş, ərik, nar, tut və zeytun tingləri üstünlük təşkil edib. Bayram əhval-ruhiyyəsində təşkil olunan bu genişmiqyaslı kampaniya çərçivəsində qabaqcadan ağacların əkiləcəyi ərazilərdə şum aparılıb, çalalar qazılıb və sahələr gübrə verilərək əkinə hazırlanıb. İsmayıllıda da idarə, müəssisə və təşkilatların kollektivləri, gənclər, yaşlı nəslin nümayəndələri səhər saatlarında qabaqcadan təyin olunan ərazilərdə ağac əkiblər. Bayram əhval-ruhiyyəsində keçən aksiyaya 3 mindən çox rayon sakini könüllü olaraq qoşulub. İsmayıllı şəhərində yeni salınan Zəfər parkında, prospekt və küçələrdə, İsmayıllı–Muğanlı yolunun 20-35-ci kilometrliklərində, Qalıncaq, İvanovka, Qubaxəlilli və digər yerlərdə müxtəlif növ ağaclar əkilib. Rayonda yerli şərait üçün əlverişli olan qoz, fındıq, akasiya, göyrüş, şamdan ibarət ümumilikdə 20 000 ağac əkilib. Qəbələnin park və bağlarında, o cümlədən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə aksiyası bayram coşğusu ilə keçib. Ümumilikdə 800 nəfərədək sakinin iştirak etdiyi genişmiqyaslı ağacəkmə kampaniyasında 6500-dək müxtəlif növ ağaclar əkilib, ətraf ərazi tullantılardan təmizlənib, minlərlə ağac isə budanıb, dibləri yumşaldılıb. Bu nəcib təşəbbüsdə Oğuz sakinləri də fəal iştirak edib. Rayonun landşaftına uyğun 1300 ağac əkilib. Şəkidə İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirilib. Şəhərin müxtəlif yerlərində keçirilən aksiyaya, şəhər rəhbərliyi, hüquq-mühafizə orqanları, digər idarə və qurum rəhbərləri və şəhər sakinləri qatılıb. Ağaclar Heydər Əliyev mərkəzi, Şəki RMX-nın ətrafı, Zərifə Əliyeva küçəsi, Mirzə Fətəli Axundzadə adına mədəniyyət və istirahət parkının ərazisi və Bideyiz kəndinin yaxınlığında əkilib. Ümumilikdə 16 hektar ərazidə 8 min ağac əkimi həyata keçirilib. Əkilən ağaclar arasında şam və cökə üstünlük təşkil edib.
Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Qax rayonunun sakinləri də böyük ruh yüksəkliyi ilə qoşulublar. Ağacəkmə aksiyasına rayon üzrə, ümumilikdə, 2 mindən çox sakin qatılıb. Qax şəhərinin küçə, prospekt və parklarında, həmçinin yenidən qurulan Qorağan-Qax-Zaqatala magistral avtomobil yolunun kənarlarında əsasən bölgə üçün xarakterik olan cökə, akasiya, sərv, xan çinarı, qoz, şabalıd, ağcaqayın, tut və digər növ ağac tingləri əkilib.
Zaqatalalılar da aksiyada fəal iştirak ediblər. Zaqatala-Qax, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun kənarlarında, Zaqatala şəhərinin küçə, prospekt və parklarında əsasən akasiya, katalpa, ağcaqayın, qoz, şabalıd, həmçinin dekorativ ağaclar əkilib.
650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı Balakən rayonunda da ağacəkmə kampaniyası keçirilib. Ekoloji tarazlığı bərpa etmək, yaşıllıq zolaqlarının artırılmasına töhfə vermək,insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirmək məqsədi ilə keçirilən aksiyada rayon sakinləri könüllü olaraq iştirak edib.Aksiya iştirakçılarının köməkliyi ilə Yevlax-Zaqatala-Gürcüstan magistralı boyunca eldar şamı,xan çınarı,tuya və digər dekorativ ağaclar əkilib.Əkilən ağaclar ümumilikdə 3500 ədəd olub.