“Şahxəndan" qəbiristanlığında epiqrafik tədqiqatlar aparılır...

04 Noyabr 2019 16:09

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları “Nəsimi ili” çərçivəsində şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu deyilən Şamaxı rayonundakı “Şahxəndan" qəbiristanlığında epiqrafik tədqiqatlara başlayıb. Arxeoloq Akif Quliyev və aparıcı elmi işçi Anar Ağalarzadənin birlikdə apardıqları araşdırmalarla epiqrafik məzar daşlarının estampı çıxarılıb və epitafiyalardakı mətnlərin dəqiqləşdirilmələri aparılıb. Baş daşı və sənduqələrdən ibarət olan türbənin daxilindəki qəbirlər uzun illər açıq havada qaldığı üçün kitabələri qismən dağılıb. Sonrakı dövrdə bu məzar daşları üzərində səkkizguşəli türbə inşa etdirilib. Türbənin giriş hissəsində isə kitabənin yalnız boş yeri qalıb. Qeyd edək ki, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə xüsusi önəm verən Heydər Əliyev Fondu tərəfindən “Nəsimi ili” çərçivəsində “Şahxəndan" qəbiristanlığında olan türbənin ətrafında geniş abadlaşdırma işləri aparılıb. Demək olar ki, böyük hissəsi torpağın altında qalan türbənin ətrafı qazılaraq torpaq başqa əraziyə daşınıb, ətrafına hasar hörülüb, abidədə olduğu kimi səkkizgüşəli döşəmə yaradılıb. Yüz illərdən bəri yağan yağışlar və ətrafının torpaqla örtülməsi səbəbindən ciddi ziyan görən türbənin xarici və daxili divarının quruması üçün şərait yaradılıb. Türbənin ətrafında aparılan təmizləmə və abadlıq işləri avstriyalı bərpaçı-memar Erik Pumerin rəhbərliyi ilə aparılıb.Abidənin konservasiyasına da onun rəhbərliyi ilə yaxın vaxtlarda başlanılacaq.