Şəkidə "açıq qapı" günləri: “İradənlə qalib gəl!”

04 Noyabr 2019 15:01

9 noyabr - Bayraq günü münasibəti ilə Gənclər və idman nazirliyi 1 noyabr tarixindən başlayaraq ölkə gənclərinin iştirakı ilə “İradənlə qalib gəl!”şüarı altında çoxsaylı aksiyalara start verib. Şəkidə də bu münasibətlə silsilə tədbirlər start götürüb. Gəncləri idmana cəlb etmək, hər kəs üçün OİK-ləri əlçatan etmək, buradakı idman meydançaları, avadanlıqlar və imkanlardan gənclərin geniş şəkildə yararlanmasını təmin etmək məqsədi ilə açıq qapı günləri təşkil olunub. Şəki Olimpiya idman kompleksində aksiyanın rəsmi açılışı baş tutub. Futbol, voleybol, güləşin müxtəlif növləri, yüngül atletika, tennis, badminton, şahmat və s. yarışlar və əyləncəli idman oyunları keçirilib. Həmçinin Şəkinin məktəblərində də bu aksiya həyata keçirilib. Məktəblilər arasında basketbol, voleybol, tennis, yarışları keçirilib. Ölkəmizin adını beynəlxalq arenalarda tanıdan kiçik şahmatçılarımız isə bu idmana yeni maraq göstərənlərə ustad dərsləri keçiblər. Eyni zamanda digər idman növləri üzrə də Avropa və Dünya Çempionları və mükafatçıları, beynəlxalq dərəcəli hakim və idmançıların iştirakı ilə ustad dərsləri, nümunəvi çıxışlar, yarışlar keçirilib.