Muğanlı-İsmayıllı avtomobil yolu yeniden qurulur...

02 Noyabr 2019 15:40

Uzunluğu 40 km olan Muğanlı-İsmayıllı yolu tamamilə yararsız vəziyyətdədir. Sürüşmə zonasından keçən yolda tez-tez çökmələr də əmələ gəlir. Yolun 0-8-ci kilometrliyi daha acınacaqlı vəziyyətdədir. Eniş və yoxuş hissələrdə yolun dar olması sürücülər üçün əsl təhlükə yaradır. Dövlət başçısının turizm zonasına gedən yolla bağlı iradından sonra artıq aidiyyatı qurumlar hərəkətə keçib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “AzəryolElmiTədqiqatLayihə” İnstitutunun əməkdaşları əraziyə cəlb olunub. Hazırda ərazidə topoqrafiya-planlanma işləri aparılır. Yolun elektron xəritəsini çəkmək üçün xüsusi dronlar vasitəsilə uçuşlar aparılacaq. Yeni yol salınarkən ərazidən keçən sürüşmə zonaları da nəzərə alınacaq. Qeyd edək ki, 1978-ci ildə inşa olunan Muğanlı-İsmayıllı avtomobil yolu Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 133-cü kilometrliyindən başlayır. Bu günə qədər yolda cari təmir işləri aparılsa da, əsaslı təmir olmayıb.