Yaşayış məntəqələri üçün təhlükə yaradan çay sahilində bəndlər tikilir...

31 Oktyabr 2019 12:48

Ölkəmizdə bəzi çaylar var ki, bu çaylar zaman-zaman yaşayış məntəqələrinə real təhlükə yarada bilir. Qax rayonu ərazisindən axan Kürmük çayı da belə çaylardan hesab olunur. Hazırda çayın turizm kəndi olan İlisu kəndindən keçən hissəsində mühafizə işləri görülür... İlisu kəndinə təhlükə yaradan Kürmük çayında tədbirlər görülür. Bəndlərin tikintisində müasir ağır texnikalardan istifadə olunur. Məqsəd sel sularının və uçqunun qarşısını almaqdır. Mənbəyini Böyük Qafqaz sıra dağlarından götürən Kürmük çayı Qax rayonu ərazisindən keçən və dağıdıcı gücə malik çaylardan hesab olunur. Əsasən yaz və payız fəslində çayda suyun səviyyəsi artır, əksər hallarda isə bu hal sel gəlməsi ilə müşahidə olunur. Yeni salınan ümumi uzunluğu 120 metr olan bəndlər isə əsasən uçqunun qarşısının alınmasına xidmət edəcək. Qeyd edək ki, artıq bir neçə ildir ki, Kürmük çayı sahilində kəndlərin seldən mühafizəsini təmin olunması məqsədi ilə genişmiqyaslı sahil bərkitmə işləri aparılır.