Mövsümi xəstəliklərə yoluxma halları artıb...

29 Oktyabr 2019 12:03
Qrip , ümumiyyətlə mövsümi xəstəliklər bütün dünyada mövsümi epidemiya şəklində yayılaraq hər il minlərlə insanın ölümünə səbəb olur. Ancaq biz qripə yoluxanları əsasən evdə, “moruqlu”, “zoğallı” çayla sağaltmağa çalışırıq. Lakin xəstəliyin ciddiliyini və yoluxma ehtimalını nəzərə alaraq həkim məsləhətindən faydalanmaq önəmlidir. Xəstəliyə yoluxma fazinin yüksək olduğu bu dövrdə ehtiyyatı əldən vermək olmaz. Payızın gəlişi mövsümi xəstəlikləri də artırıb. Xüsusən də bir biriləri ilə sıx təmasda olan şagirdlər arasında xəstəliyin yayılması ehtimalı çox yüksəkdir. Buna görə də məktəblərdə nəzarət gücləndirilib. Xəstə şagird vaxtında müəyyən edilməli və bu barədə onun valideynlərinə xəbər verilməlidir. Çünki xırda diqqətsizlik belə, daha sonra böyük fəsadlara səbəb ola bilər. Hələ ki, söhbət kiçik siniflərdən gedirsə. Belə ki, balacalar xəstəlikləri daha ağır keçirir. Həkimlərsə həyəcan təbili çalır: qrip deyib keçməyin. Qrip vaxtında müalicə olunmazsa, xroniki-bronxit, ağciyərin ikitərəfli iltihabı, pnevmoniya və bu kimi digər xəstəliklərə səbəb ola bilər. Buna görə də immuniteti zəif olan, özündə narahatlıq hiss edən insanlar vaxtında həkimə müraciət etməlidir. Hazırda ölkə üzrə qrip virusuna yoluxma hallarında artım qeydə alınıb. Lakin ümumilikdə vəziyyət təhlükəli deyil. Epidemiyanın yayılmaması üçün isə lazımı tədbirlər görülür. Həkimlər qripdən qorunmaq üçün sıx yerlərdən uzaq olmağı, təmiz havada gəzməyi və meyvə, tərəvəzlərdən bol istifadə etməyi məsləhət görür.