"Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"nin qalibi Şamaxının 2 saylı məktəbi oldu...

22 Oktyabr 2019 13:29

Təhsil Nazirliyi tərəfindən elan edilən "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"nin "riyaziyyat fənni üzrə istedadlı uşaqlarla işin təşkili" layihəsində Şamaxı şəhər 2 saylı tam orta məktəbi qalib olub. Şamaxı İncəsənət Mərkəzində keçirilən mərasimdə Təhsil Şöbəsinin rəsmiləri, məktəb direktorları, riyaziyyat müəllimləri iştirak ediblər. Vurğulanıb ki, layihənin məqsədi Şamaxı məktəblərində xüsusi riyazi təfəkkürə malik şagirdlərin seçilməsi, onlara düzgün istiqamətin göstərilməsi və bunula da riyaziyyat fənninin tədrisinin daha da inkişaf etdirilməsidir. Tədbirdə müəllimləri maraqlandıran suallar cavablandırılıb. Müəllim-şagird münasibətlərinə toxunulub, müasir məktəb və psixologiya, şagirdlərin həssas dönəmlərində onlarla davranış qaydaları, natamam ailələrin uşaqlarına xüsusi diqqət və qayğının tələb olunması, aqressiv şagirdlərlə iş və s. haqqında fikir mübadiləsi aparılıb. Layihənin icrasının davamı olaraq isə bu il rayon təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən “Yaradıcı müəllimlər birliyi”nin fəaliyyəti canlandırılacaq, səmərəli əməkdaşlıqlar, müzakirələrin aparılması üçün şərait yaradılacaq.