Qaxda zəncirvari qəza, yeddi avtomobil toqquşdu...

15 Oktyabr 2019 11:15

Qaxda yeddi avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Süskənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 31 yaşlı Sumqayıt şəhər sakini Ceyhun Zeynalovun idarə etdiyi yük avtomobili hərəkətdə olan digər yük və minik avtomobilləri ilə toqquşub. Nəticədə daha altı avtomobilə ziyan dəyib. Yük avtomobili isə yoldan çıxaraq meşəlik əraziyə aşıb. Yük maşınında sıxılmış vəziyyətdə qalan sürücünü çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib. Yük maşınında sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən çıxarılaraq Təcili Yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb. Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilən Ceyhun Zeynalova sol bud sümüyünün sınığı dioqnozu qoyulub. Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.