Ərçiman kəndində sakinləri çətinliyə salan nədir?

10 Oktyabr 2019 16:33

Şamaxının ucqar və qədim kəndlərindən biri olan Ərçimana getmək üçün, Pirqulu istiqamətində bir​ xeyli asvalt yol qət edib, torpaq və daşdan ibarət olan yola keçirik. Az gedirik, çox gedirik, nağıllarda olduğu kimi dərədən təpədən ötüb, iki çay keçib nəhayət kəndə çatırıq. Sakinlərlə söhbət zamanı məlum olur ki, kənd məsafə baxımından rayon mərkəzindən uzaq düşdüyü kimi, gözdən könüldən də xeyli uzaq düşüb. Kəndin yaşlı sakinlərindən biri olan Ağaqardaş baba deyir ki,buranın ən böyük çətinliyi həkimin olmamasıdır. Yerli sakinlərin digər çətinlikləri mavi yanacağın olmamasıdır. Əlacsız qalan kənd sakinləri alternativ enerji mənbələrinə uz tutsalar da, vəziyyət heç də ürəkaçan deyil. Ərçiman kəndində mövcud vəziyyətlə bağlı, ilk olaraq Azəriqaz İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin sözcüsü Ceyhun Səfərovun sözlərinə görə, Ərçiman kəndinə qaz çəkilməsi bu ilki dövlət proqramında nəzərdə tutulmayıb. Əgər təklif əsasında​​ dövlət proqramına salınarsa və buna uyğun vəsait ayrılarsa, sözü gedən ərazidə qazlaşdırılma işləri aparıla bilər.Kəndin yol problemi ilə bağlı AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, Ərçiman kəndinin yolu ilə bərabər Şamaxının digər ucqar kəndlərində yolların əsaslı şəkildə yenidən qurulması plana daxil edilib. Müvafiq sənədlər hazırlanıb,lazımı qurumlara təqdim ediləcək. Maliyə vəsaiti ayrılan kimi,yaxın gələcəkdə sözügedən yolun tikintisi başlanılacaq. Belə aydın olur ki, Ərçiman kənd sakinləri bir qədər də səbrli olub gözləməli olacaqlar.