Fındıq ixracı artıb...

10 Oktyabr 2019 16:17
Fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Bu il fındıq ixracının iki dəfə artacağı gözlənilir. Ölkədə yetişdirilən və istehsal edilən fındıq məhsulunun əsas hissəsi isə Zaqatala rayonunun payına düşür. Zaqatala bağlarından toplanan fındıq məhsulu fermerlər tərəfindən rayonda fəaliyyət göstərən emal müəssisələrinə satılır. Burada tam qurudulan fındıq çürükdən təmizlənərək ixraca hazır vəziyyətə gətirilir. Hal-hazırda rayonda bir kiloqram fındığın alış qiyməti 3 manat 30 qəpikdən 4 manatadək dəyişir. Hər il yüzlərlə sakin emal müəssisələrində mövsümi işlərə cəlb edilərək qazanc əldə edir. Bir müddət əvvəl Moskva şəhərində təşkil edilən qida sərgisində sahibkar Ramazan Qaracayevin emal müəssisəsində istehsal edilən qovrulmuş fındıq ləpəsi qızıl medala layiq görülüb. Zaqatalada becərilən və istehsal edilən ata-baba fındıq növü öz keyfiyyəti və yağlılığına görə seçilir. Bu il rayonda ötən ilə nisbətən məhsuldarlıq aşağı olsa da keyfiyyət yüksək olduğundan fındıq ixracı artıb. Cari ilin 8 ayı ərzində Azərbaycan üzrə fındıq ixracı 76 milyon 900 min dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 89,9 faiz çoxdur. Bu il isə xarici ölkələrə iki dəfə artıq fındıq ixrac ediləcəyi gözlənilir. Hazırda Azərbaycandan 25-dək ölkəyə fındıq ixrac edilir. Bu ölkələr sırasında Rusiya xüsusi seçilsə də, Almaniya və İtalya kimi Avropa ölkələrinin şirkətləri də Azərbaycan fındığına xüsusi maraq göstərir.