Baş verən fövqəladə hadisələr zamanı nə etməli?

08 2018 17:01
Bu suala cavab əyani olaraq İsmayıllı rayonunun Peşə Liseyində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil edilmiş taktiki-xüsusi təlim zamanı verilib.
Tədbirdən öncə İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Milli Məclisin deputatları Novruzəli Aslanov və Tahir Kərimli, Fövqəladə Hallar Nazirliyinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyinin üzvlərinin iştirakı ilə konfrans keçirilib, konfransda keçiriləcək təlim haqqında ətraflı məlumatlar verilib. Tədbir “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi (TMİQ) çərcivəsində, Fövqəladə Hallar Nazirliyi və AzQAC-ın arasında imzalanmış Əməkdaşlıq Memorandumu əsasında təşkil edilib. Təlimdə həmçinin İsmayıllı Rayon İcra Hakimiyyətinin, Daxili İşlər və Səhiyyə nazirliklərinin qüvvə və vasitələri iştirak ediblər. Beynəlxalq Qızıl Xac və Qızıl Aypara Hərəkatının yaranma günündə təşkil olunmuş birgə təlimin gedişində şərti olaraq, zəlzələ nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, yerli idarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətdə təhlükəli ərazilərdən insanların təxliyyəsi, axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi, yaralılara xəstəxanaya qədərki ilk yardım və stress halına düşmüş insanlara ilk psixoloji yardımın göstərilməsi, ictimai asayişin qorunması, ümumiyyətlə fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması sahəsində birgə tədbirlər nümayiş etdirilib. Tədbirdə Fövqəladə Hallar Nazirliyi, AzQAC və İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, dövlət qurumlarının yerli nümayəndəlikləri və beynəlxalq müşahidəçilər də iştirak ediblər. Tədbirin sonunda təlimdə fəal iştirak edənlərə diplom və hədiyyələr təqdim edilib.