Bölgələrdə sürücülər cərimələndi...

11 2017 17:01

Havaların isti keçməsi ilə əlaqədar rayonlara üz tutan yerli və xarici turistlərin sayı artıb. Rayonlara gələn qonaqların, həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi, yol nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə şimal-qərb bölgəsində sürücülərə qarşı reydlər keçirilib. Reydlərdə bir sıra yol hərəkəti qaydalarının pozulması faktlarına rast gəlinib və həmin sürücülərə xəbərdarlıqlar edilib, müvafiq qaydada cəzalandırılıblar. Şəkidə "Dördyol" adlanan ərazidə Yol Patrul Xidməti tərəfindən reyd keçirilib. Məqsəd sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə avtomaşını idarə edən sürücülərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsidir. Yay aylarında xüsüsilə bölgələrə axınla əlaqədar hərəkətin intensivliyini təmin etmək məqsədilə bu cür reydlər təşkil olunur. Reyd zamanı patrul xidməti tərəfindən 169 sürücünün sürət həddini keçməsi qeydə alınıb. Sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə sükan arxasına əyləşən sürücülər də olub. Həmçinin manevretmə qaydalarını pozan, sənədləri qaydasında olmayan sürücülər də saxlanılıb. Reyd zamanı qayda pozan sürücülərə qarşı protokollar tərtib edilib. İsmayıllı rayonunda da YPX-i əməkdaşları tərəfindən reyd keçirilib. Reydin keçirilməsində əsas məqsəd yol nəqliyyat hadisələrinin qarşısının alınması, sərxoş sürücülərə qarşı mübarizə və hava şəraitinin isti keçməsilə əlaqədar sürücüləri təlimatlandırmaqdır. Reyd zamanı minik avtomobillərinin və sərnişin mikroavtobuslarının sürücüləri saxlanılaraq maarifləndirmə işləri aparılıb, təhlükəsizlik qaydaları izah edilib. Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolunun müxtəlif hissələrində 2 saata yaxın davam edən yoxlamalar zamanı cərimələri ödəməyən, sənədləri qaydasında olmayan, avtomobili nasaz idarə edən, ötmə əməliyyatını düzgün yerinə yetirməyən sürücülər də aşkarlanıb. Həmin avtomobil sahibləri saxlanılaraq onlara inzibati protokol tərtib olunub. Reyd zamanı bəzi sürücülər qanuna tabe olmaq istəməsələr də, bəziləri reydlərin keçirilməsindən razılıqlarını bildiriblər. Baş verə biləcək yol qəza hadisələrinin qarşısını almaq məqsədi ilə Zaqatalada da Baş Dövlət Yol Polisi İdarəsinin Yol Polisi Xidmətinin reydi olub. Reyd zamanı sərxoş vəziyyətdə nəqliyyat vasitələrini idarə edən və kobud qayda pozuntularına yol verən sürücülərə qarşı inzibati qaydada pratokol tətbiq edilib. Gün ərzində Zaqatalada keçirilən reyd zamanı biri nəqliyyat vasitələrini sərxoş idarə etmək olmaqla ümumilikdə 42 müxtəlif qayda pozuntusu aşkar edilib.